Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilmişdir. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanmışdır. Əlverişli iqlim şəraiti, müxtəlif mineral sular, müalicəvi palçıq və neft ehtiyatlarından asılı olaraq, respublikanın ayrı-ayrı iqlim zonalarında yerləşən zəngin müalicəvi əhəmiyyətə malik təbii kurortların təsnifatı müəyyənləşmiş və bununla bağlı müvafiq infrastruktur yaradılmışdır. XX əsrin ikinci yarısında Azərbaycanda artıq formalaşmış kurortlar şəbəkəsi mövcud idi. Həmin dövrdə yaradılan sanatoriya, pansionat və istirahət evləri sistemi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə Abşeron yarımadası, Naftalan və İstisu kurortları ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra kurort işinin inkişafına böyuk təkən verən 2007-ci ildə Azərbaycan Republikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan «Azərbaycan kurortları» dövlət proqramı olmuşdur.